Təbrizin Sevgi Payı (Şeir toplusu – İsmail Cəmili)

300,00

Açıklama

İsmayıl Cəmili  mənsub olduğu xalqının haqqını, hüququnu dilə gətirən, taleyüklü həssas məsələlərini seirlərinə yansıdan milli  şairlərdəndir. Şairin  poeziyası xalqının  qan yaddaşının poetik daşıyıcısıdır.

“Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: – ana dilimizi – vicdanımızı – Vətənimizi. – İsmayıl Cəmili Şah İsmayıl Xətai  babamızın bu tövsiyəsinə sadiq qalan varislərdəndir. Ana dili, Azərbaycan, vicdan, ədalət kimi qutsal məfhumlar İ. Cəmilinin poeziyasında  ətrafında birləşir, çünki o, xalqının danışan dilidir,istəklərini söyləyən carçısıdır.

”.Ümumilikdə İ. Cəmili həm klassik  ədəbiyyatın qəzəl, rübai, həm folklorun bayatı, qoşma, gəraylı,həm çağdaş poeziyanın heca və  sərbəst   vəznlərdə əsərlər yazır. Öz şəxsi hissləri ilə yanaşı, cəmiyyətin siyasi-ictimai hadisələrini lay-lay oxucuya təqdim edir. Bu əsərlərdə sevgi də, kədər də, edam da, sürgün də, ölüm də eyni emosional şiddətlə oxucuya təsirli şəkildə çatdırılır.

İ. Cəmili onlarca şeirində Ana dili,Vətən  mövzusunun müxtəlif tərəflərinə toxunmuşdur. “Dilim bölünməz vətəndir”,   “Azərbaycan” , “Bir gün gülər Azərbaycan”,   “Oyan Azərbaycan”,  “Eli, dili bağlıların”,  “Qutlu olsun, qurtuluş sevdası Azərbaycanın”, “ Elim mənim, dilim mənim”, “Canımda canlanır Azərbaycanım“, “Çalın sazım” və s. şeirlərində şairin  mübariz ruhu açıq şəkildə görünür.

İsmayıl Cəmili  elə ilk şeirlərindən  özünü azadlıq şairi, mücadilə şairi kimi göstərib. Azadlıq bir millətin qanlı yaddaşı, qanlı bayrağıdır, şair də bu bayrağı hər zaman yüksəklərə qaldırmaq  istəyir: Və şair üçün ən acınacaqlısı da yan-yana düzülən azadlıq bayraqlarının içində vətəni Güney Azərbaycanın bayrağının olmamasıdır:

Burası vətən,

…Burası Muğan, ceyranı yaralı,

Sürgün maralı

Burası Quzey, Qarabağı şikəstə,

Burası Ğüney Segahı yetim Nigarı bəstə

…Burası son səngər Əmirə qız,

Burası Şərqin incisi Təbriz

Burası Xiyabani güllələnən

Azadistan,

Burası şəhid Səttarxan

Burası elinə dilinə zindan,

Burası 21 Azər, dillərə dastan

Burası vətən, Azərbaycan.  ( Burası vətən)

İsmayıl Cəmili  sadə sözlərlə, danışıq dili ilə dərin hikmətləri, ürəkdən gələn fikirlərini açmağı bacaran sənətkarlardandır.

“Sən Azərbaycan, söylə…” adlı şeirində, şair üsyanlarının bolluğuna, tökülən qanların, verilən qurbanların çoxluğuna baxmayaraq, milli haqqı olmayan bir millətin faciəsini dilə gətirir.” Çətin günlərdə İranın bəlasında yanıb övladını qurban verib yalqız qalan”, “keçmişlərdə döyüşüb  min yara görən sınmayıb dözən, vəfa edib, cəfa görən”, “soyulan, pay-bölüş olanda əllərlə talan olan” –  inqilablar beşiyi  və ilkinlər ölkəsinə -Azərbaycana üz tutub ürək ağrısı ilə  bir ritorik sual verir: Sən ər Azərbaycan söylə,  neyçün Azər becan(cansız) oldun?!

Şair ictimai-siyasi hadisələrin gerçəkliyi içindən böyük ümid, sabaha olan inam,

vətəndaş qeyrəti axtarır:

Güvən övladına, ancaq özün qıl dərdinə çarə,

Könül vermə, şəkər dilli hər an oynaşlı dildarə,

Fırıldaqdır, desə hər nə burax, getsin özü qarə,

Canın qoydun, sözün üstə bu yolda imtahan oldun,

Sən Azərbaycan, söylə neyçün Azər becan oldun

Pərişan sevgili yurdum, sənə qurban sevən canım,

Tükənməz varlığım sənsən, səninlə var adım sanım,

Özünçün bir özün göstər, dirilsin şöhrətim şanım

Gələr azadlığın ətri, o gün ki, sən əyan oldun

Sən Azərbaycan, bir də bu xeyr işdə qəman oldun (Sən Azərbaycan, söylə)

İ. Cəmili poeziyasının əsas ideya qayəsi olan azadlıq özünü ana dili, kimlik, vətən üçlüsündə göstərir və azadlıq ideyası onun döyüşkən poeziyasının əbədi ruhuna çevrilir:

Öz evində çağrılmamış qonaq olan,

Öz elinin dodağında

Öz yurdunda yasaq olan.

Şirin dilli vəfasızlar duzağında

Qolu bağlı, dustaq olan

Dilim-dilim parçalanan ,səpələnən

….Varlığımın keşiğində oyaq olan

Öz elinə dağlar kimi dayaq olan

Oyanışa çıraq olan

Dayanışa bayraq olan

Ana dilim,  ana dilim! (Ana dilim)

Şair ustad ədib Məhəmmədtağı  Zehtabinin   “Sən osan, mən də buyam” şeirindəki //Su deyibdir mənə əvvəldə anam,  ab ki yox.  //Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox.  //İlk dəfə ki, çörək verdi mənə, nan demədi” misralarına  qarşılıq olar  “Ab” su deyil söyləyir:

Ab içilməz,

Ab suvarmaz.

Ayrındırmaz, barındırmaz,

Ab su deyil.

Bulaqları bulandıran,

Yad tikanın kollandıran,

Gülümüzü soldurandır

Bağımızı qurudandır.

Tərs axışı evimizi yıxan seldir,

Yersiz səsi kofuldayan qara yeldir!      ( “Ab” su deyil)

Şair “nan” , “xak” öyrədilən bu oxulların bizim və bizdən olmadığını,“varaq-varaq qondarma”, ” yazı-yazı uydurma “,  ”yalanlarla doldurulmuş”,  “kökümüzdən uzaqlaşma odağı “  və  “yadlaşmağın duzağı”  olduğunu yazır. Qətiyyətlə bildirir ki:

“Xak” əkilməz, “nan” yeyilməz, “su” içilməz,

Ana dilim dəyişilməz!     ( “Ab” su deyil)

İ. Cəmilininin poeziyasında mübarizə, üsyan, savaş yolu da milli azadlıq düşüncəsindən, milli birlik fikrindən keçir. “Dustağa sığmayanlar”,

“Dünənlərdən asılanlar”, “Bir gün gülər Azərbaycan”,  “Yenə oxullar açılır”, “Aydınlıq ölməz”, “Biz varıq”,  “Buyunduruq”,         “İllərin açıq yarası”, “Fərqi var biraz”, “İrannamə “ və s. eyni ruhda yazılmış şeirlərdir.

Sevənlər üçün hər gün Sevgililər günüdür. Amma dünya təqvimində ilin bir günü ayrıca sevib-sevilənlərə  həsr olunub.Şairin yaşamın  tutsaq (məhbus) olduğu vətənində sevginin  yasaqlandığını ürək sızıltısı ilə yazır:

Sevgililər günüdür

Bizim tayda sevgi yasaq

Sevgi yolu dərin duzaq

Sevənlərin yeri dustaq

Qamçı qapaz çırıl çıplaq

Sevgisizlər caynağında

Əsir, əsir ana torpaq.     (“Sevgililər günüdür”)

İ. Cəmilinin şeirlərində olan qeyri-adiliyin əsas səbəblərindən biri də sadə sözlərlə böyük mətləbləri açmasındadır. Ismayil Cəmili bəsit görünən sözlərdən, sadə bənzətmələrdən elə poetik fiqurlar yaradır ki, bunlara heyran qalmamaq mümkünsüz olur. Bəlkə də  bu xüsusiyyətinə görədir ki, şairin şeirləri tez əzbərlənir, oxucunun rəğbətini qazanır.

Bir illik ömründə min bir iş görmüş 21 Azər hərəkatı məğlub olsa da, sabahın tarixində yenidən baş qaldıracaq, parlayacaq və bir xalqın tarixində bütövlük rəmzinə çevriləcək, azadlığı dadmış güneyli  soydaşlarımızın həyatında yenidən və əbədi rolunu yüksək şəkildə oynayacaqdır.

Şair “Bu gündə” şeirində  şair 21 Azər inqilabına işarə edir, azadlıq ideyalarını yenidən alışdırmağı arzulayır, çünki qan dəryasına çevrilən, hər dəfə neçə-neçə şəhid verən, qan bahası olaraq azadlıq istəməyə haqqının olduğunu bildirir:

Bu gündə qudurğan qulluqçu yadlar,

Asdılar, kəsdilərsevgi diyarın

Qurudu fidanlar, yandı kitablar

Qara qış taladı arzı baharın

Azadlıq düşməni satqın zalımlar

On minlər insanın tökdülər qanın

Elini dilini dustaq etdilər

Igidlər ölkəsi Azərbaycanın.   (“Bu gündə(21 Azər)”)

İsmail Cəmili tərcümə ilə də məşğuldur. Divan ədəbiyyatımızın incilərini  eləcə də çağdaş şairlərin əsərlərini dilimizə çevirir. Ustad Məhəmmədəli Fərzanə İ. Cəmilinin yaradıcılığını izləyib ona xeyir-dua vermiş, onun Saib Təbrizinin qəzəllərini bizə tanıtması yolunda gördüyü işi yüksək qiymətləndirib yazmışdı:”İsmail Cəmililər bu gün xalqımızın düşüncə dünyasında Saiblərin doğma varisi olacaqdır”.

İ. Cəmilini oxucularına sevdirən onun yaradıcılığına xas olan səmimiyyətidir. Onun bir mübariz şair olmaqla yanaşı, könülləri riqqətə gətirən lirik şeirlərin də müəllifidir. Onun poeziyası mübarizlik ruhunda şeirləri qədər əsrarəngiz lirikası da qəlblərə yol tapa bilir:

Ay adının kölgəsində,

Yaz ətirli xəyallarda,

Çiçəklənən arzılarım

Ay sənsizlik sazağında

Xəzan olan yüzlər yazım

Gəl……

Baxışlarım sərilibdir yollarına,

Gələcəyim tapşırıqdır qollarına

Dodaqlardan ayrılmazdır istəyin

Boynu bükük tarlalardır

Nisan kimi gəlişini gözləyən

Yanan sevdandır, şəfəqdə əriyən

Vaxtsız axşamlar,

Yorğun quşlar

Səni unutmasın deyə

Qaranlıq qudurmasın deyə

Gəl, sevgilim, düzlər üzülür        (Gəl sevgilim, gəl qadası, gəl)

-Gözəllik nədir? sualına şair belə cavab verir:

Gözəllik yaşanan arzıdır

Inci dolu dənizdir

Dalğa-dalğa, ləpə-ləpə, damla-damla

Dayaq dağdır

…. Gözəllik,

Yüz illərin gözlənilən

Gözəlinin görüşüdür

Gözəllik

Özlənilən özgürlüyün yürüşüdür

Gözəllik azad vətən bayrağının öpüşüdür. (“Gözəllik”)

Uzun illər Qürbətdə yaşayan bir milli fəal kimi xalqının hər ağrısını, acısını, problemlərini çiyinlərinə yükləyərək  onu çəkib  daşıyır,həm də bir şair kimi  sevə-sevə, vəsf edə-edə firavan olması üçün, rahat yaşaması üçün qələmiylə mübarizə aparır .

İ. Cəmilininin poeziyası, xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizəsinin, bir sözlə milli şüurun, dirəniş  poeziyasıdır.

                                                                    Fil. elmləri Dr. Pərvanə Məmmədli

Değerlendirmeler

Henüz değerlendirme yapılmadı.

Sadece bu ürünü satın almış olan müşteriler yorum yapabilir.